Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər.
Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın!
Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu.